Nağd pulsuz iqtisadiyyat - müsbət və mənfi cəhətləri
Dünyanın bir çox ölkələri nağd pul istifadəsinə qarşı mübarizəni daha da gücləndirdilər.
Get-gedə nağd pul artıq insanların canını qurtarmalı olduğu lənət kimi qələmə verilməyə başlayır. Həmin ölkələrin əsas məqsədi nağdsız iqtisadiyyata keçməkdən ibarətdir, çünki nağdsız iqtisadiyyatın daha uğurlu olacağı düşünülür. Lakin nağd pulun tamamilə istifadə olunmayacağı iqtisadiyyatın nə dərəcədə uğurlu olması üçün, ilk növbədə, onun müsbət və mənfi cəhətlərini təhlil etmək lazımdır. Bunu nəzərə alaraq, aşağıdakı məqalədə nağdsız iqtisadiyyatın müsbət və mənfi cəhətləri barədə müzakirə aparacağıq.
Müsbət cəhətlər
1) Dövriyyədə daha az pul əskinasları
Sadə dillə desək, iqtisadiyyat nağd pulsuz olanda dövriyyədə pul əskinasları daha az yer alır və ya tamamilə yer almır. Misal üçün, Hindistan kimi ölkədə dövriyyədə olan ümumi pulun təxmini 14%-i nağd pul şəklində mövcuddur, pulun qalan hissəsi isə rəqəmsal formada yer alır. İnkişaf etmiş ölkələrdə isə bu göstərici təxmini 5%-dir. Lakin nağd pulsuz iqtisadiyyatın məqsədi həmin göstəricini 0%-ə endirməkdir. Nağd pul faizini tamamilə 0%-ə endirmək mümkün olmasa da, bu cür iqtisadiyyatın dəstəkçilərinin dediyinə görə bu faiz 0-a nə qədər yaxın olsa, bir o qədər yaxşıdır.
2) Vergidən yayınmanın azaldılması
Bir çox inkişaf etməkdə olan ölkələrdə vergidən yayınma halı inkişafı məhdudlaşdıran əsas problemlərdən biridir. Bunun səbəbi mafiya və digər böyük təşkilatların bizneslərin çoxunu ələ keçirməsidir. İnkişaf etməkdə olan ölkələrin çoxu bu problemin ən ağır yükünü çəkiblər. Nağdsız iqtisadiyyat isə bütün iqtisadi əməliyyatları daha yaxından izləməyə kömək edir və bununla da vergiyə əməl etmə dərəcəsini artırır.
Mənfi cəhətlər
1) Rəqəmsal mühitə öyrəşmənin çətinliyi
İnkişaf etməkdə olan və ya inkişaf etməmiş ölkələrin çoxu savadsızlıqdan və yoxsulluqdan əziyyət çəkir. Belə ölkələrdə təhsil səviyyəsi aşağıdır, nağdsız iqtisadiyyat isə rəqəmsal mühitin olmasını tələb edir. Ona görə də həmin ölkə sakinlərinin çoxu rəqəmsal şəkildə puldan necə istifadə ediləcəyini bilmir.
2) Şəbəkəyə bağlantının olmaması
İnkişaf etməkdə olan ölkələrin çoxunda yüksəksürətli internet bağlantısı mövcud deyil. Bu ölkələrdə bir çox kəndlər indiyədək fasiləsiz elektrik təchizatına malik deyil. Buna görə də, rəqəmsal şəkildə əməliyyat aparmaq onlar üçün mümkün olmayacaq.
3) Azadlığın məhdudlaşdırılması
Nağdsız iqtisadiyyatın zorla tətbiqi bir çoxları tərəfindən şəxsi azadlıqlarının məhdudlaşdırılması kimi qəbul edilir. Öz pullarını bankda, nağd şəkildə və ya rəqəmsal formada saxlamağın hər bir şəxsin öz seçimi olduğunu düşünürlər. Bu, onların fikrinə görə, maliyyə azadlıqlarının məhdudlaşdırılmasıdır və insanların etirazına səbəb ola bilər.
Ümumiləşdirsək, nağd pulsuz iqtisadiyyatın xeyli müsbət cəhətləri mövcuddur, lakin inkişaf etməkdə olan ölkələrin çox hissəsinin belə bir iqtisadiyyata uyğunlaşması hələ ki uzaq xəyal kimi görünür.